Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Cavadi Amuli Tehran vilayətinin bir qrup cümə və camaat imamı ilə görüşündə şəhidlərin, xüsusilə də şəhid Ayətullah Seyid Əli Xameneinin (r) və son hadisələrdə şəhid olan digər şəhidlərin uca məqamını ehtiramla yad edərək, uca Allahdan onların Kərbəla şəhidləri ilə birgə məhşur olunmasını diləyib.
Ayətullah Cavadi Amuli bildirib: Necə ki, Kərbəla hadisəsi İslamın, şiəliyin və bu diyarın qorunmasına səbəb oldu, bu şəhidlərin pak qanları da Əhli-beyt (ə) məktəbinin və İslam cəmiyyətinin daha möhkəm qorunmasına zəmin yaradacaq.
Ayətullah Cavadi Amuli şəhid Həsən Tehrani Müqəddəm və onun silahdaşlarının mühüm roluna toxunaraq onları dinə yardım və İslam ümmətinin müdafiəsində misilsiz nümunələr adlandırıb və əlavə edib: Bu şəhidlərin elmi mübarizəsi elmin İslamın qorunması, ölkənin təhlükəsizliyinin təmin edilməsi və İslam ümmətinin izzət və qüdrətinin müdafiəsi yolunda istifadə edilməsinin parlaq nümunəsidir. Buna görə də biz dəfələrlə onun haqqında "Salamullah əleyh" (Salam olsun ona) demişik.
O vurğulayıb ki, elm yalnız İslamın və İslam cəmiyyətinin müdafiəsinə xidmət etdiyi, iman və ixlas sayəsində düşmənlərin təhdid və fitnələrini zərərsizləşdirə bildiyi zaman öz həqiqi dəyərini qazanır.
Ayətullah Cavadi Amuli Qurani-Kərim ayələrinə və Əmirəl-möminin həzrət Əlinin (ə) kəlamlarına istinad edərək bildirib ki, bu gün İran İslam Respublikasının izzəti İslamın, xalqın Ali Məqamlı Rəhbərin və möminlərin ixlaslı mübarizəsinin bəhrəsidir. O qeyd edib ki, Qurani-Kərim xatırladır ki, bir zamanlar dünya təkəbbür sahibləri müsəlmanları alçaldır və təhqir edirdilər, lakin Allah İslamın bərəkəti ilə onlara izzət bəxş etdi.
O xatırladıb ki, İran xalqı da bir zamanlar təkəbbürlü güclər, xüsusilə ABŞ tərəfindən təhqir olunurdu, lakin bu gün İslamın, xalqın düşünülmüş iştirakının, Ali Məqamlı Rəhbərinin və müqavimətinin bərəkəti ilə izzət, qüdrət və nüfuz qazanıb.
Ayətullah Cavadi Amuli şəhid Ayətullah Seyid Əli Xameneinin (r) yüksək məqamına toxunaraq vurğulayıb: Şəhid Ayətullah Seyid Əli Xameneinin bizim üzərimizdə böyük haqqı var. İslam təlimlərinə görə haqqı, malı, vətəni və müqəddəslərini müdafiə edərkən canından keçən hər kəs ümumi mənada şəhid sayılır. Lakin xüsusi mənada şəhadət bundan fərqlənir. Bu böyük şəhid İslamın, Qurani-Kərimin və Əhli-beytin (ə) qorunması baxımından xüsusi mənada şəhid sayılır, ölkənin istiqlalının, iqtisadiyyatının və İranın sərhədlərinin müdafiəsi baxımından isə ümumi mənada şəhid hesab olunur.
Bu təqlid mərcəsi xalqın müxtəlif meydanlarda geniş iştirakına və göstərdiyi müqavimətə görə təşəkkürünü bildirərək bunu İlahi yardımın təzahürü adlandırıb və Qurani-Kərimin bu ayəsinə istinad edib:
وَهُوَ الَّذِی أَیَّدَکَ بِنَصْرِهِ وَبِالْمُؤْمِنِینَ
“Səni öz köməyi və möminlərlə qüvvətləndirən odur.” (Ənfal surəsi, 62-ci ayə).
O vurğulayıb: Bu xalqı meydana çıxaran Allahdır. Məgər mümkündür ki, aylarla qadın və kişi bu cür meydanda qalsın? Bu imanlı qadın və kişilər "جنود الرحمن" – yəni Rəhmanın ordusudur. Məhz onların imanı və uzaqgörən iştirakı İslam cəmiyyətinin qüdrətinin və davamlılığının əsas dayağıdır.
Ayətullah Cavadi Amuli xalqın və məsul şəxslərin fəaliyyətinin yüksək qiymətləndirilməsinin vacibliyini vurğulayaraq bildirib: Bu gün hər kəsin vəzifəsi İslam dövlətini öz iştirakı və müqaviməti ilə müdafiə etmiş xalqa qarşı qədirbilən olmaq, həmçinin dövlətə və bu sistemin səmimi xidmətçilərinə təşəkkür etməkdir.
O əlavə edib: Şəhid Ayətullah Seyid Əli Xameneinin (r) və digər fədakar xidmətçilərin ehtiramla yad edilməsi yalnız onlar üçün dua etmək və bağışlanma diləməklə məhdudlaşmır. Həqiqi ehtiram onların yolunun, həyat tərzinin, düşüncəsinin, ideallarının və tövsiyələrinin cəmiyyətdə davam etdirilməsi və əməli şəkildə həyata keçirilməsidir.
Ayətullah Cavadi Amuli Ali Məqamlı Rəhbərin seçilməsini «صالحٌ بعد صالح» (salehin ardınca başqa bir saleh) adlandıraraq vurğulayıb: Bu gün bu məsuliyyəti öz üzərinə götürən Ali Məqamlı Rəhbər şəhid Ayətullah Xameneinin yolunu, düşüncəsini və ideallarını davam etdirir. Buna görə də, necə ki, şəhid Ayətullah Xameneini dəstəkləmək və qorumaq hamının vəzifəsi idi, bu gün də bu böyük şəxsiyyəti dəstəkləmək və qorumaq bizim borcumuzdur.
O daha sonra Əmirəl-möminin həzrət Əlinin (ə) bu kəlamına istinad edib: «إذا تغیّر السلطان تغیّر الزمان» (Hakim dəyişdikdə zaman da dəyişir) və bildirib: Məsuliyyətlərin dəyişməsi xarici təhdidlərdən qafil olmağa əsas verməməlidir. Daxildə əvvəlki rəhbərə ehtiram olaraq əvvəlki qanunların qorunması prinsipi mövcuddur. Lakin beynəlxalq aləmdə düşmənlərimiz bu məntiqi qəbul etmirlər. Buna görə də çalışmalıyıq ki, zamanın dəyişməsi cəmiyyətimizin əsaslarını sarsıtmasın. Müstəqilliyin, təhlükəsizliyin, izzətin, milli sərvətlərin və ölkənin bütün maddi və mənəvi imkanlarının qorunması ilə zamanın dəyişikliklərinin İslam dövlətinin təməl sütunlarına zərər vurmasına imkan verməməliyik.
Ayətullah Cavadi Amuli vurğulayıb ki, hazırkı şəraitdə İslam cəmiyyətinin ən mühüm vəzifəsi milli birliyin qorunmasıdır. O bildirib: Birliyimiz daha da möhkəmlənməlidir. Cəmiyyətin birlik və həmrəyliyini qorumaq asan iş deyil. Bunun üçün müxtəlif düşüncələri, cərəyanları, tayfaları və gizli niyyətləri düzgün tanımaq lazımdır ki, guya məsləhət və xeyirxahlıq adı altında birlik və rəhbərliyin mövqeyinə zərər vuran sözlər deyilməsin.
Həzrət Ayətullah Cavadi Amuli əhdə sədaqətin imanın əsas nişanələrindən biri olduğunu bildirərək qeyd edib: İslam baxımından öhdəliklərə sadiq qalmaq təkcə əxlaqi vəzifə deyil, möminin kimliyinin və şəxsiyyətinin göstəricisidir. Buna görə də İslam cəmiyyəti bütün sahələrdə öz əhdinə və vədinə sadiq qalmalıdır. Qurani-Kərim də müqavilə və öhdəlik haqqında açıq şəkildə buyurur: «فَاسْتَقِيمُوا لَهُمْ» (Onlar sizə sadiq qaldıqları müddətdə siz də onlara sadiq qalın). Müqavilə bağlamısınızsa, ona sadiq olun. Lakin diqqətli olun ki, kiminlə öhdəlik götürür, kiminlə götürmürsünüz, kiminlə əl sıxır, kiminlə əl sıxmırsınız.
Amerikalılarla əl sıxacaqsınızsa, sonra barmaqlarınızı sayın
O, ABŞ-ın dəfələrlə əhdini pozmasına toxunaraq vurğulayıb: Bu gün elə bir tərəflə üz-üzəyik ki, səhər müqavilə imzalayır, axşam isə onu cırıb atır. Buna görə də belə tərəflə münasibətdə son dərəcə ayıq olmaq lazımdır. Biz dəfələrlə demişik ki, əgər belə bir tərəflə əl sıxmalı olsanız, mütləq sonra əlinizin barmaqlarını sayın!
Ayətullah Cavadi Amuli həzrət İmam Zamanın(ə.f) uca məqamına toxunaraq bildirib: O həzrət həmişə İslam ümmətinin vəziyyətindən xəbərdar və ona nəzarət edir. Əslində, o bizdən qeybdə deyil, bizim onun hüzurundan uzaq düşmüşük.
O, möminləri İmam Zaman (ə.f) ilə mənəvi bağlılıqlarını gücləndirməyə çağıraraq uca Allahdan diləyib ki, xalqa, məsul şəxslərə, ali rəhbərə, onların ailələrinə, şəhidlərə və İslam sisteminə xidmət edən bütün insanlara dünya və axirət səadəti, izzət və ucalıq nəsib etsin. Həmçinin dua edib ki, Allah onlara İslam dövləti adlı böyük əmanəti layiqincə qorumağı və onu əsl sahibi olan həzrət İmam Zamana (ə.f) təhvil verməyi nəsib etsin.
Xəbərin sonu
Rəyiniz